Bitməyən bir sevda | Şuşa

Bu gün sənin günündür, Şuşa!.. Bədbəxt olan günündür!.. Amma ağlamayacağam səni… Qarabağ havalarını da dinləməyəcəyəm… «Xanın səsi də havalanıb» sənə "şikəstə" deməyəcək bu gün!.. Sənə həsr olunmuş bircə şeiri də xatırlamayacağam bu gün!.. «Qəlbimdə buza qoydum»… hər nəyin varsa!...
Bu gün özümlə savaşacağam… özümlə müharibə edəcəyəm… döyüşəcəyəm!.. Sənə qovuşmaq üçün aparılacaq savaş səngimişsə, uğrunda ölə biləcək insanların sırası seyrəlmişsə… və ya yoxsa əgər bunlar, mən də meydanda tək qalan döyüşçü kimi vurnuxacağam bu gün!...
Şuşa
Biz gətirə bilmədik səni!.. Qarabağın baş tacı yapa bilmədik səni!.. " Könül intizarda, göz yol üstədir!"… Düz 27 ildir!.. İndi orda dilin də dəyişib… dinin də… sinən xaçlarla damğalanıb… Əsir Şuşa!.. «Kim demiş ki, düşmüş adın dilimdən?!»
27 ildir!.. Bu illərdə bir Şuşa ömrü getdi… bir Şuşa havası itdi… bir Şuşa kultu unuduldu!.. Qanın qarışdı, südün dəyişdi… Heyf, dağın başında padşah balası kimi idin! İndi könlümüzün gözü ilə axtarmaqdayıq səni!...
Harda durum ki, məni görəsən… kimə yalvarmaq gərəkir, ona yalvarım… harda ölmək lazımdır, orda gözləyim… Hansı hava kecir könlündən, onu çaldırım...
Ya bəlkə, özün gələsən!.. Sıyrılasan şimşək kimi, çaxasan ildırım təki!.. «Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!»… Qop, tökül düşmən başına… Bir Pompey günü yarat… yerin altını üstünə çevir!.. Təzədən doğul… təzədən qurul!.. Təzədən! Təzələ özünü… murdarlanmış köksünü yu, yıxa, durul, şüşə kimi ol, Şüşə! Varmısın buna?!...
Amma bir varsan, bir yoxsan!.. Könlümdə varsan, gözümdə yoxsan… Görə bilmirəm ki, səni!.. Sənə dön deyə bilmirəm! Qolların daş altdadır… Daşaltıdadır!...
Bu gün səni ağlamayacağam! Qoy xətrin qalsın! Bu gün düşüncələrimi darmadağın edən havalar tapıb dinləyəcəyəm… Qışqır-bağır salacağam beynimdə… Unudacağam səni bu gün… Unutqanlığı silah kimi gicgahıma dayayacağam!!!
Andım olsun ki, sən bircə dön, sən geri gəl, yenə baş tacımız ol… mahnıda deyildiyi kimi «sana dönməyəcəyəm… səni sevməyəcəyəm!...» Uzaqdan-uzağa boyunu sevəcəyəm, hələ o da ölməsəm..." Səni uzaqdan sevmək aşkların ən gözəli!" — havasında olacağam o gün...
Şuşa
Şuşa rayonunun əsir abidələri
Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələnən Şuşa dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşir. Şuşa havasının təmizliyi və müalicəvi əhəmiyyəti baxımından Azərbaycanın şəfalı kurort-istirahət mərkəzlərindən hesab olunur.
Bu gün Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna yüzlələrə tarixi abidəmiz daxildir. Lakin əfsuslar olsun ki, onların bir çoxu erməni vandalizminin qurbanına çevrilib. 
YUXARI GÖVHƏR AĞA MƏSCİDİ (İNV № 344)
“Kitabi-tarixi Qarabağ” əsərinin müəllifi Mir Mehdi Xəzaninin yazdığına görə, hicri tarixi ilə 1182-ci ildə (miladi ilə 1768-69-cu il) Qarabağ hakimi İbarahimxəlil xan tərəfindən bina edilən məscid hicri 1281-ci ilində (miladın 1866-1867-ci illərində) mükəmməl  şəkildə təmir olunmuşdur. Daxili sahəsi 558 kv. metrdir. Təxminən 30 metr hündürlüyündə qoşa minarəsi var. 
Baharlının “Qarabağnamə”sində deyilir ki, Şuşanın baş meydanında 1759-cu ildə Pənahəli xan tərəfindən qamışdan iki qapılı məscid tikilmiş, 1768-ci ildə isə onun yerində mərhum xanın oğlu İbrahimxəlil xan tərəfindən daha möhtəşəm məscid ucaldılmışdır. Təxminən 100 ildən sonra elə bu yerdə onun qızı Gövhər Ağanın tapşırığı və vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən daha bir məscid inşa edilmişdir. Buna qədər mövcud olmuş Cümə məscidi binasının görünüşü ilə o zaman Qafqaza səyahət edən rus rəssamı Vasili Vereşaqinin çəkdiyi şəkildən tanış ola bilərik. Rəssamın çəkdiyi şəkildəki məscid binası əzəmətlidir. Onun giriş hissəsi Səfəvi memarlığına xas olaraq həddən artıq böyük baştağdan qurulmuşdur. Baştağın üzərində dam örtüyü Avropa memarlığına məxsus ampir şəklində işlənmişdir. Bu məscid binasının yerində tikilən Yuxarı Gövhər Ağa məscidinin fasadı isə üç eyniölçülü tağla irəli çəkilərək binanın şimal, yəni ön hissəsi boyunca uzanan eyvan şəklində həll olunmuşdur. Yeni binada Qurani-Kərimdən ayələr, məscidin inşa tarixi və Gövhər Ağanın vəsiyyətnamələrini əks etdirən çoxlu daş kitabələrə rast gəlmək olar. Binanın ikinci mərtəbəsi və minarələrdəki ornament, eləcə də kitabələr məşhur Azərbaycan şairi və nəqqaşı Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.
Səxavəti və xeyriyyəçiliyi ilə ad çıxaran xan qızı Gövhər Ağa məscidin bir hücrəsini mədrəsə etmiş, bura ibadətə gələn və ehtiyacı olanlara həftədə bir dəfə yardım, məsciddə Quran oxuyan və azan verən müəzzinlərə məvacib ayırmışdı. Gövhər Ağa vəfat edəndən sonra məscid həyətində dəfn edilmiş, az sonra isə nəşi Məkkəyə aparılaraq orada torpağa tapşırılmışdır.
1992-ci ildən bu günə qədər gözəl Şuşanın digər tarixi-mədəni abidələri kimi, Yuxarı Gövhər Ağa məscidi də erməni işğalı altındadır.
Şuşa
SAATLI MƏSCİDİ (İNV № 355)
Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Şuşa şəhərinin tarixini tədqiq edən Çingiz Qacarın yazdığına görə, Saatlı məscidinin yerində 1759-cu ildə Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olmuş, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir.
Məscid Şuşanın Saatlı məhəlləsində tikildiyi üçün belə adlanır. Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm  memarlıq quruluşu, həm də dekorativ tərtibatı ilə seçilirdi. Tədqiqatçı Rizvan Qarabağinin yazdığına görə, bura Kərbəlayi Səfixan Qarabağinin tikdiyi son minarəli məscid olmuşdur. Sonrakı illərdə bu gözəl sənətkarın tikdiyi məscidlərdə uca minarələr olmamış, onları damın üstündə güldəstə formalı kiçik şərəfələr əvəz etmişdir. Amma memarlıq üslubundakı belə kəskin dəyişikliyin nə ilə bağlı olması heç yerdə izah olunmur. Fasad yalnız divar və assimmetrik düzülüşə malik qapı və pəncərələrdən ibarətdir.
Saatlı məscidinin interyer həlli bədii kamillik nümunəsi hesab oluna bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara minnətdar olaraq ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunmuşdur. Tək minarə binanın arxa tərəfində yerləşdirilmişdir. Belə ehtimal edilir ki, minarə məscidlə eyni vaxtda deyil, sonrakı illərdə ucaldılmışdır.
İstedadlı memarın tikdiyi bütün binaların divarında belə bir söz yazılmışdır: “Qarabağdan olan Kərbəlayi Səfixan tərəfindən tikildi”. Əlbəttə, bu daş imzalar sonrakı dövrlər üçün sənəd kimi böyük əhəmiyyət daşıyır. Lakin bunsuz da memarın yaratdığı əsərlərə, məscidlərə, hətta, uzaqdan baxanda belə, onun kim tərəfindən tikildiyi məlum olur – memar Qarabaği.

AŞAĞI GÖVHƏR AĞA MƏSCİDİ (İNV № 345)      
Tarixi-dini abidələri
  • Hacı Yusifli məscidi (XVIII) – Q.İsmayılov küçəsi (İNV № 5089)       
  • “Çöl Qala” məscidi (XVIII əsr) – Keçmiş Kuybışev küç. (İNV № 5103)       
  • Xoca Mərcanlı məscidi (XVIII əsr) – Sabir küç. (İNV № 5137)       
  • Quyuluq məscidi (XVIII əsr) – Keçmiş Şaumyan küç. (İNV № 5146)       
  • Seyidli məscidi (XVIII əsr) – Keçmiş Telman küç. (İNV № 5151)       
  • Məscid (XVIII əsr) – Keçmiş Əmiryan küç. Çuxurlu məhəlləsi (İNV № 5068)     Mərdinli məscidi (XIX əsr) – A.Qaraşərov küç. (İNV № 5077)       
  • Culfalar məscidi (XIX əsr) – Ü.Hacıbəyov küç. (İNV № 5092)    
  • Mamay məscidi (XIX əsr) – Q.Əsgərov küç. (İNV № 5166)       
  • Köçərli məscidi (XIX əsr) – Keçmiş Sovet küç. (İNV № 5145)       
  • Malıbəyli məscidi (XIX əsr) – Malıbəyli kəndi (İNV № 5056)       
  • Alban kilsəsi (XIX əsr) – Qeybalı kəndi (İNV № 5059)
  • Alban kilsəsi (XIX əsr) – Daşaltı kəndi (İNV № 5057)
  • Kilsə qalıqları — Q.Pirimov küç. (İNV № 5041)
  • Qız monastırı (XVIII-XIX əsrlər) – Şuşa şəhəri, keçmiş Qorki küç.
  • Qazançı kilsəsi (XIX əsr) – Haqverdiyev küç. (İNV № 358)
  • Qaybalı məscidi (XIX əsr) –
  • Şirlan məscidi (XIX əsr) –
  • Yuxarı məscid mədrəsəsi (XVIII əsr) – Vəzirov (İNV № 360)
  • Mədrəsə (XVIII əsr) – Keçmiş Krupskaya küç. (İNV № 369)
Şuşa
Ziyarətgahlar
  • Turbə — Şuşa şəhəri (İNV № 5042)
  • Heydər türbəsi — Şuşa şəhəri (İNV № 340)  
  • Həzrət Əli kahası (Nəzir kahası)
  • Həzrət Abbas şəfa ocağı
  • Saqqaxana və Pirgah pirləri
  • Seyid Mirfəsih türbəsi
  • Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı
  • Çuxur məhəllədə iki minarəli şəfa ocağı
  • Qasım ağanın ocağı
  • Seyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı

Tarixi memarlıq abidələri
  • Kurqan (Tünc dövrü) – Şuşa şəhərinin şimal-qərbində (İNV № 1770)  
  • Şuşa və Şuşakənd daş qutusu qəbirləri (son tunc və ilk dəmir dövrü) — Şuşa şəhəri və Şuşa kəndinin yaxınlığında (İNV № 1771)
  • Daş qutusu nekropolu (dəmir dövrü) -  Qarabulaq kəndi (İNV № 1773)
  • Nekropol (Son Tunc və İlk Dəmir dövrü) – Dolanlar kəndi (İNV № 1774)
  • Qala divarı (uzunluğu 8 kilometr, 1754-cü il) – Şuşa şəhəri (İNV № 337)
  • Pənah xanın sarayı (XVIII əsr) – Şuşa şəhəri (İNV № 338)
  • Qara Böyük Xanım bürcü (XVIII əsr) – Şuşa şəhəri (İNV № 339)
  • Hacıqulların malikanəsi (XVIII əsr) – Şuşa şəhəri (İNV № 341)
  • Natəvanın evi (XVIII əsr) – Şuşa şəhəri, keçmiş Lenin küç. (İNV № 342)
  • Əsəd bəyin evi (XVIII əsr) – Şuşa şəhəri, keçmiş Voroşilov küç. (İNV № 343)
  • İkimərtəbəli karvansara (XIX əsr) – Şuşa şəhəri, mərkəzi meydan (İNV № 346)
  • Mehamandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr) – Şuşa şəhəri (İNV № 347)
  • İbrahim xanın bürcü (XVIII əsr) – Şuşa şəhəri (İNV № 348)
  • İsa bulağı (XIX əsr) – Şuşa şəhərinin yaxınlığında (İNV № 349)
  • İbrahim xanın qəsri (XVIII əsr) – Daşaltı kəndi (İNV № 350)
  • M.P.Vaqifin məqbərəsi (XX əsr) – Q.Quliyev küç. (İNV № 367)
 
 
27 ildir!.. 27 ildir ki, səni uzaqdan… uzaqdan sevməkdəyəm, Şuşa! Bitməyən bir sevda!...
 
 
Mənbə: kulis.az
 

0 şərh